“Dünyanın proqnoza yatımsız hala gəlməsində adı hallandırılan ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycanla Ermənistan arasında sülh yönündə böyük, hətta həlledici addım atıldı. Bunu təsbit edən birgə Bəyannamənin mətninin belə olacağı tam proqnozlaşdırılırdı. Birgə Bəyannamədə Azərbaycanın bütün şərtləri yer aldı”.
Bunu hafta.az-a açıqlamasında deputat Sahb Alıyev ABŞ-da imzalanan birgə bəyannamənin detalları və baş qaldıran neqativ nüanslara diqqət çəkərkən bildirib. Onun sözlərinə görə, azərbaycanlılar və elə qarşı tərəf gözəl bilir ki, hansı dövlətin vasitəçiliyi olursa olsun, Azərbaycan Prezidentinin imza qoyduğu istənilən sülh sənədində onun irəli sürdüyü tələblər mütləq əksini tapacaq.
Deputat qeyd edib ki, orada Minsk qrupunun buraxılması ilə bağlı birgə müraciət, Naxçıvana maneəsiz gediş-gəliş, revanşizm cəhdinin yolverilməzliyi açıq mətnlə qeyd olunub.
S.Alıyev birinci maddədəki "Biz Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davamına ehtiyac olduğunu qəbul etdik" cümləsinə də aydınlıq gətirib. Bildirib ki, burada Azərbaycanın Ermənistanın konstitusiyasına dəyişiklik tələbində haqlılığı və təmin edilməyincə hərtərəfli sülh müqaviləsinin nə imzalanmasının, nə də ratfikasiyasının mümkünlüyü vurğulanır:
“Beləliklə, Azərbaycanın baxış bucağından yanaşsaq, bu Bəyənnamə, yəni bəyənilən sənədlə 2020-ci ilin 10 noyabrındakı üçtərəfli bəyanat ABŞ-ın şahidliyi və dəstəyi ilə ikitərəfli olur. Təbii ki, bu transformasiyada 2020-ci ildən sonra Azərbaycanın yaratdığı yeni reallıq, yəni Qarabağ üzərində suverenliyinin təmini də tam nəzərə alınır. Və 2024-cü ilin aprelində Brüsseldə ABŞ-Avropa Birliyi-Ermənistan üçlü görüşündə, ondan öncəki Qranada zirvəsindəki məkrli razılaşmalar "status"un getdiyi yerə göndərilir. Cənab Ərdoğan tam haqlı çıxdı, İlham Əliyev tarixə həm də regiona sülh gətirən lider kimi düşdü”.
S.Alıyev eyni zamanda hesab edir ki, Vaşinqtonda baş verənlər təkcə bizim regionda yeni dövrün başlanğıcını qoymur. Bu, bütövlükdə yeni dünya düzəninin qurulması yönündə atılan ilk addımdır. Onun fikrincə, belə bir addımın ABŞ kimi supergücün paytaxtında atılması nə qədər təbii görünürsə, onun elə həmin supergücün uzun zaman arzulamadıgı və hətta qarşı çıxdığı şəkildə baş verməsi bir o qədər heyrətamizdir:
"Azərbaycanla Ermənistan arasında bağlanacaq sülh Sazişinin XV maddəsində tərəflər indiyədək mövcud olan bütün dövlətlərarası iddiaları, şikayətləri, etirazları, iradları, icraatları və mübahisələri bu Sazişin qüvvəyə mindiyi gündən bir ay ərzində geri çəkəcək, xitam verəcək və ya hər hansı formada həll edəcəklər. Burada Azərbaycanla Ermənistan bir-birinə qarşı diplomatik, informasiya və digər sahələrdə düşmən addımlar atmamaq, hər hansı formada belə fəaliyyətlərə cəlb edilməmək və bu məqsədlə bir-biriləri ilə müntəzəm məsləhətləşmələr həyata keçirmək öhdəliyi də götürürlər ki, hər iki öhdəliyin bir maddədə yer alması çox böyük ehtimalla bizim tələbimizdir. Birinci hissədəki öhdəlikdə daha çox beynəlxalq məhkəmələrin bizim yaxşı tanıdığımız böyük güclərin təsiri altında olması reallığı nəzərə alınıb. Eyni zamanda Sazişin IX maddəsində hər iki tərəfin münaqişəyə cəlb edildikləri də vurğulanır ki, qarşılıqlı iddialardan imtina həm də bu məntiqdən doğur. Bəli, hər iki tərəf fərqli statusla, amma doğrudan da münaqişəni başladanlar yox, ona cəlb edilənlərdirlər. Fərqli status deyəndə, Ermənistandan alət kimi faydalanılmasını, Azərbaycanın isə təcavüz hədəfi seçilməsini nəzərdə tuturam.
Qeyd edim ki, münaqişənin arxasında üçüncü tərəfin durduğunu, sülh yolunda həlledici addımın atıldığı Vaşinqton görüşü ərəfəsində Azərbaycana qarşı başladılan aqressiv kampaniya, Qriqorian kilsəsinin, daşnakların və hara bağlı olduqlarını hər kəsin yaxşı bildiyi digər revanşist ünsürlərin Ermənistanı qarışdırmaq cəhdləri də bütün çılpaqlığıyla ortaya qoyur. Amma necə deyərlər, artıq qatar gedib. Həmin qatar yəqin bir gün Zəngəzur dəhlizindən də keçəcək”.